Xəbərlər

“Mənim atam qəhrəmandır” silsilə tədbirinə şəhid anaları da qatılıb

  • Xeber
  • Xeber
  • 83 baxış
  • 0 şərhlər

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” adlı silsilə layihənin növbəti tədbiri şəhid analarının iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən start götürən tədbirdə şəhid övladları ekskursiya avtobuslarında şəhəri dolaşaraq “Zəfər marşı”nı ifa ediblər. Şəhid övladları öz atalarının, digər uşaqlar subay şəhidlərimizin, şəhid anaları isə öz övladlarının rəsmi həkk olunmuş və “Mənim qəhrəmanım” yazılı geyimlərdə tədbirə qatılıblar.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində davam edən tədbirdə uşaqlar üçün əyləncəli proqramlar keçirilib, “Oyuq” Teatr Studiyasının aktyorları tərəfindən vətənpərvərlik mövzusunda kiçik səhnəciklər təqdim edilib və milli nağıl personajlarımız şəhid övladlarının sevincinə rəng qatıb.
Tədbirin rəsmi hissəsində aparıcı Lalə Azərtaş tədbirə qatılan şəhid ailələrini və digər qonaqları salamladıqdan sonra Ümümilli lider Heydər Əliyevin və müzəffər ordumuzun şəhid qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Mətbuat Katibi polkovnik-leytenant Anar Eyvazov çıxış edərək “Fire Land Production”ın rəhbərliyinə, bu tədbirin ərsəyə gəlməsində bütün zəhməti keçənlərə və qonaqlara təşəkkür edərək, bu səpkili tədbirlərin cəmiyyət üçün fayda və dəyərindən danışıb.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov da tədbirdə çıxış edərək şəhidlərimizin övladlarının gələcəyinə görə hamımızın məsuliyyət daşıdığını, onların xoşbəxtliyinin təminatında əlimizdən gələn hər şeyi etməyin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə daimi diqqət və qayğısı barədə çıxış edən “Fire Land Production”-un rəhbəri Cəlal Qurbanov, “Vətən uğrunda canından keçmiş şəhidlərimizin övladları bizə əmanətdir” deyərək, “Mənim atam qəhrəmandır” silsilə layihənin nəinki Bakıda, hətta Azərbaycanın bütün regionlarında təqdim ediləcəyini qeyd edib. C. Qurbanovun övladları Fatimə və Əli subay şəhidlərimizin rəsmləri həkk olunmuş geyimdə tədbirə qatılaraq şəhid övladları ilə birgə mahnılar ifa ediblər.
Fəxri qonaq qismində tədbirə qatılan Azərbaycanın Xalq Artisti Brilliant Dadaşova qəhrəmanlarımızın övladları və onların ailə üzvləri ilə öz hisslərini bölüşüb. B. Dadaşova bu ağrı-acı, eyni zamanda qürur və sevinc dolu hadisələri bir vətəndaş, bir ailənin xanımı, eyni zamanda bir ana kimi necə yaşadığından danışıb.
Sonda qəhrəmanlarımızın övladları xalq artisti ilə birlikdə səmaya ağ göyərçinlər uçuraraq, dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını göndəriblər.
Tədbirin sonunda qəhrəman övladlarına “Xarı Bülbül” döş nişanı hədiyyə olunub.

Şərh yaz

Your email adress will not be published ,Requied fileds are marked*.